Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ƏDV əvəzləşməsi ilə bağlı qərarı

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Göründüyü kimi, həmin maddədə iki növ ödəmələr nəzərdə tutulmuşdur:

– elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr;

– ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi.

Vergi Məcəlləsinin 175.1-ci maddəsində edilmiş dəyişikliklərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, birinci halda söhbət ödəmə əməliyyatlarının ƏDV-siz dəyərindən, ikinci halda isə ödənilmiş verginin məbləğindən gedir.

Belə ki, həmin maddənin 1 yanvar 2003-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada ödənilmiş verginin məbləği sayılırdı. Bu zaman yalnız ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi tələb olunurdu və əməliyyatın ƏDV-siz dəyərinin hansı qaydada ödənilməsinə dair heç bir şərt mövcud deyildi.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 28 noyabr tarixli 519-IIQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinin 175.1-ci maddəsində “nağdsız qaydada ödənilmiş” sözləri “nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) aparılmış ödəmələrdə” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik nəticəsində əvəzləşdirilən ƏDV-nin məbləği nağdsız qaydada aparılmış ödəmələrdə verginin məbləği hesab olunmuşdur. Nəticədə, əməliyyatın həm ƏDV-siz dəyərinin, həm də ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi həmin verginin əvəzləşdirilməsinə hüquq vermişdir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilmiş sonuncu dəyişikliklər isə (Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanunu) vergi tutulan əməliyyatın ƏDV-siz dəyərinin ödənilməsi qaydası ilə bağlı olmamışdır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Nəzərə alsaq ki, Vergi Məcəlləsinə əsasən alınmış mal, iş və xidmətin ƏDV məbləğini əsas məbləğindən əvvəl ödəmək mümkündür və heç bir maliyyə sanksiyası tətbiq olunmur (əksinə olduğu təqdirdə Vergi Məcəlləsinin 58.6 -cı maddəsinə əsasən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.) bu halda çox zaman yalnız ƏDV məbləğini ödəməklə əvəzləşmə aparılır.

Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 03 sentyabr 2015-ci il tarixli  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən əvəzləşmə alınmış mal, iş və xidmətin əsas və ƏDV məbləğinin  (hər ikisi ödənildikdə) nağdsız qaydada ödənildiyi təqdirdə əsaslı sayılır.

Şərhiniz:

Oxşar xəbərlər

31

Jan
Maliyyə

Autsorsinq

Mühasibat autsorsinqi (maliyyə sahəsində autsorsinq) qanunvericiliyə müvafiq olaraq müəssisə rəhbərinin tam olaraq məsuliyyət daşıdığı müəssisənin uçot və hesabatlılıq funksiyalarının mühasibat dəstəyi variantlarından biridir.   Autsorsinq zamanı vergi və mühasibat uçotunun aparılması bu sahədə ixtisaslaşan kənar təşkilata ötürülür. Mühasibat müşayiəti şirkətə bütün diqqətini öz biznesinə cəmləşdirməyə, o cümlədən maliyyə və idarəçilik xərclərini minimuma endirməyə və maliyyə risklərini azaltmağa imkan[…]